Şəxsi inkişafım üçün möhlətim.


YAZAR: İlham Qasımov 

Evdə qal,evdən çıxma,biz sənin üçün işləyirik,sən bizim üçün evdə qal.Bu cümlələri gün ərzində dəfələrlə sosial şəbəkələrdə,televiziyada görür, hətta küçədəki müəyyən anonslardan eşidirik.Artıq günlük rutinimizin ayrılmaz parçasıdır: “Evdə qal.“ Əksəriyyət bu haldan təşvişə düşür,panikaya qapılır, sanki bəşəriyyətin gördüyü ilk infeksion xəstəlikmiş kimi özlərindən fərziyyələr uydurmağa başlayırlar.Evdə qalmaqdan artıq müvazinətini itirən,etməyə cüzi məşğuliyyəti olmadığı üçün el dilində desək bikarlıqdan şikayətlənən onlarla insan tanıyıram.Çox az sayda insan bu situasiyadan yaxşı mənada öz xeyrinə istifadə edir.Hətta deyərdim,sayları getdikcə azalır.Mən isə birinci qrup insanlardan olmadım.İyirmi illik həyatımda keçirdiyim bəlkə də ən normal, eyni zamanda səmərəli aylar ola bilər.Necə mi?     İndi mən sizə izah edəcəm bu situasiyadan öz lehimizə necə istifadə edə bilərik.

  Düşünün.Müvəqqəti şəkildə,nə işə,nə məktəbə,nə universitetə gedirsiniz.Əvvəllər şikayətləndiyimiz yorğunluq indi yoxdur.Əvvəllər şikayətləndiyimiz zaman qıtlığı müvəqqəti olaraq dərd deyil.Əksinə o qədər artıq zamanımız var ki,əvvəllər işimizin ağır olduğu və vaxtımızın qıtlığından təxirə saldığımız,“vaxt tapsam edərəm” dediyimiz bütün istəklərimizi indi reallaşdıra bilərik.Tutaq ki,bir tələbə Viktor Hüqonun “Səfillər” romanını mütaliə etmək istəyir,lakin “imtahanlar bitsin oxuyaram” deyərək təxirə salır.Oxuyanlar bilər,nəzərə alsaq ki “Səfillər” romanı olduqca irihəcmli əsərdir.Təbii ki,tələbə imtahan ərəfəsində onu oxuyaraq zamanını daha da daraltmayacaq.Halbuki,indi əsl vaxtıdır.Axı günün 24 saatı evdəyik.Distant təhsili hesaba qatmasaq,vaxtımızın həddi-hüdudu yoxdur.Niyə bu situasiyadan istifadə etməyək? Niyə etmək istəyib 2-ci plana atdığımız arzularımızı indi reallaşdırmayaq? Niyə yeni hobbi qazanmayaq ? Və niyə görə dörd divarın arxasında qalıb,məşğuliyyət bolluğunun içində bikarlıqdan şikayətlənək? Sadə bir misal gətirəcəm və siz mənim nə demək istədiyimi başa düşəcəksiniz.Mən bu karantin müddətində “A1”  səviyyədə alman dilinə yiyələndim.Özüm araşdırma edib metod əldə edərək.Mən vaxtımın dar olduğu üçün planlarımı təxirə salan insanlardanam.Özümə görə haqlı səbəblərim də var.Amma hal-hazırda o qədər zamanım var ki,nəyi 2-ci plana atmışdımsa,hər birini reallaşdırıram artıq.Məqaləmin adında da vurğuladığım kimi,bu müddət mənim şəxsi inkişafım üçün möhlət oldu.

  Bir kitabda belə bir yanaşma oxudum.“İnsanlar elə düşünürlər ki,mühafizəkarlar yanlız qocalardır,bütün cavanlar isə novatorlardır.Bu o qədər də ədalətli fikir deyil,çünki əksər cavanlar yenilik axtarıcısı yox,köhnə adət-ənənələrin davamçılarıdırlar.Onlar necə yaşamaq barədə düşünmürlər,düşünməyə vaxtları da yoxdur.” Necə də düzgün fikirdir.Bəzi,hətta əksər gənclər hazırki situasiyada ojiotaj və təşviş xarakterli imformasiya əldə edib,evdə sıxıldığını bəlli edən paylaşımlardan başqa heçnə etmirlər.Sinergiyaya nail olmaq lazımdır.Yəni,yaradıcı olmalı,faydalı əlaqələr əldə etməyə çalışmalıyıq.Mən isə bacardığım qədər səmərəli keçirirəm bu müddəti.İnanın ki,zərrə qədər ürəyim sıxılmır.Məşğuliyyətlərim sırasına,bədii kitab oxumaq,musiqi ilə məşğul olmaq,xarici dil öyrənmək,yeni film və seriallar kəşf etmək və daha nələr-nələr aiddir.Hər gün ən az 20 səhifə kitab oxuyur,yarım saat fortepianoda ifa edir,bir neçə saatımı film və seriallara həsr edirəm.Həftədə 4 dəfə akademik səviyyədə ingilis dilimi inkişaf etdirirəm.Alman dilimi A2 səviyyəyə yüksəltmək planım da var.Tədris yenidən başladıqda itirilən dərslərin kompensasiya ediləcəyini güman etdiyim üçün bakalavr təhsilimlə bağlı mütaliə etmirəm.Çünki vaxtı gələndə universitet dərslərimdən cüzi vaxtım qalacaq.Nə qədər ki zamanım var,şəxsi inkişafıma yer ayıracam.Bacardığım qədər hobbi kəşf edəcəm.Siz də edin.

  Karantin müddətinin davranışıma da müəyyən qədər təsiri danılmazdır.Məsələn,əvvəl kitab oxumayacaq qədər səbirsiz biri üçün çox irəlilyiş var xarakterimdə.Əvvəl hər yalan xəbərə inanar,müəyyən panikaya qapılardım.Lakin bu vərdişimdəm yaxa qutarmağa da müvəffəq oldum.Çünki,hazırki vəziyyətlə əlaqədar olaraq o qədər yalan-yanlış xəbərlər yayılır ki,sanki əsas məqsəd əhali arasında xaos yaratmaqdır.Təəssüf ki,hər kəs yüksək irədəyə malik deyil.Bəzilərinin əlindən təşvişdən başqa bir şey gəlmir. Sizi diləyinizə və amalınıza çatdıra biləcək bütün imkanlardan faydalanın.Davamlı sorğulayın,tədqiqat dairənizi genişləndirin.Məsələn,yazıçı olmaq istəyirsinizsə,online qrammatika kurslarına yazıla bilər, kitablar oxuya, yazı yaza, digər yazıçılarla söhbət edib məsləhətlər ala bilərsiniz.Sizinlə eyni bir məqsəd ətrafında birləşən insanlarla daima kontaktda olun.Onlarla polemika apararaq yeni və effektiv yollar kəşf edin.Əmin olun ki,daha çox şey öyrənə bilərsiniz.Heç bir zaman ətraf dünyanı öyrənməkdə dayanmayın.Sizə şübhəli görünən ən adi detalı belə araşdırın,bir nəticə çıxarmağa çalışın.Kimsə sizdən bir nüansı soruşanda bilmədiyinizi biruzə vermək əvəzinə hələ tədqiq etmədiyinizi vurğulayın.Unutmayın ki,bilməmək yox,öyrənməmək eyibdir atalarımıza görə.Dünyada baş verənlər ilə maraqlanın.Məqsədlərinizə çatmaq üçün aşılmazları keçməyiniz mütləqdir.Əgər ki ümid axınına arxalanıb,planlarınızı ehmal etsəniz,kütlənin iradənizi idarə etməsinə icazə vermiş olacaqsınız.Əmin olun ki,hazırki situasiya məqsədlərimizi müəyyən hədd çərçivəsində həyata keçirməyin əsl vaxtıdır.Çünki,zamanımız var.Çünki enerjimiz var.Çünki hədsiz imkanlarımız var.Öyrənməyin bu qədər sadə olduğu texnologiya dövründə yaşayırıq.Biliyə müvəffəq olmağım bir klikdən asılıdır.Təki vaxtım və enerjim bol olsun.Hazırki vəziyyətdə isə şəxsi inkişaf üçün sonsuz sayda avantaj görürəm,nəinki əngəl.

Bir kitabda deyilirdi: “Hələ ki,bütün çarxlar ixtira olunmayıb.Həyat boş dayanmaq üçün həddindən artıq heyrətamizdir! ” Siz də boş durmayın.Yeniliklərə uzanın,özünü inkişaf etdirin,yeni xarici dil öyrənin,bir musiqi alətini öyrənməyə çalışın.Əl işinizi sınayın,rəsm çəkin,şərf toxuyun,əsas odur ki vaxtınız səmərəli keçsin.Hazırki “siz”-ə yeni keyfiyyətlər əlavə edin.Yaxın dostunuzla və ya sevgilinizlə sözləşin,məsələn.Bir kitabı ikiniz də oxuyun,sonra onu müzakirə edin.Monotonluqdan qaçın.Ən azından bu müddət ərzində.Unutmayın ki,tənbəllik və təkəbbür,hətta ən yaxşı maliyyə biliyinə malik olan birini belə yoxsulluğa gətirib çıxara bilər.Yaddan çıxarmamaq lazımdır ki,əsas mənəvi yoxsul olmayasan.

  Təbii ki,hər şeyin sonunun olduğu kimi,hazırki situasiya da bir gün bitəcək.Ümid edirik,sağlam və iradəli bir şəkildə başa vurarıq.Amma əminəm ki,karantinin bitməyinə bir qisminiz peşman olacaqsınız.Ona görə yox ki,dərslər başlayır,yenidən işə gedirsiz.Ona görə peşman olacaqsınız ki,kaş bu müddət ərzində evdə qalmaqdan istifadə edib günlərimi səmərəli keçirərdim.Kaş o kitabı oxuyardım,kaş o dili az da olsa öyrənərdim,kaş o filmə baxardım.Ona görə də nə qədər ki gec deyil,hissə qapılmağı,sıxılmağı,şikayətlənməyi bir kənara buraxıb dərhal hərəkətə keçin.Özünüzü sevdiyiniz,həvəsinizin olduğunu sahədə sınayın.Yeni məşğuliyyət kəşf edin.“Etməyə bir şey yoxdur” deyib üsyan etmək əvəzinə, o məşğuliyyəti özünüz yaradın.Özünüzü kəşf edin.Hər kəs 2020-ci ilin uğursuz olduğunu iddia edir.Siz bu iddianı sındırın və 2020-ci ilin sizin üçün nə qədər uğur dolu bir il olduğunu əvvəlcə özünüzə,sonra isə ətrafa sübut edin.Bəlkə də,indi edə biləcəklərinizi başqa vaxt nə qədər cəhd etsəz də,həyata keçirə bilməyəcəksiniz.Çünki,ona möhlət olmayacaq.Açıqcası,karantinin nə qədər müddətə davam edəcəyini təxmin edə bilmirik.Bu bir ay da ola bilər,daha çox da.Hətta,bəlkə də,buna ehtiyac qalmayacaq.Hər situasiyanı özümüzə sərf edən şəkildə dəyərləndirək.Təsəvvür edin,sentyabr ayına qədər “evdə qal” kampaniyası davam edir.Sadəcə təsəvvür edin.Bəli,həqiqətən də,çox uzun müddətdir və qulağa qorxuducu gəlir.Amma bir də stəkana dolu tərəfdən baxın.O günə qədər siz görün nə qədər inkişaf edə bilərsiz.Ən azı 100 kitab bitirərsiniz,2 xarici dil öyrənə bilərsiniz.Səbrinizi inkişaf etdirə bilərsiniz,iradənizi möhkəmləndirməyə müvəffəq olarsınız.Və daha nə qədər avantaj sadalaya bilərəm.Hər şeydən nəticə çıxarmağı,hətta şübhə etməyi öyrənin.Hər situasiyanı lehinizə çevirməyə cəhd edin.Can bədəndə var olduqca inkişaf edin,öyrənin,sorğulayın.Sizə qalan sizin biliyiniz olacaqdır,bu ojiotaj onsuzda bir gün bitəcək.

  Ümid edirəm ki,evdə qal kampaniyasının təhsilimə,şəxsi inkişafıma və davranışıma olan təsir perspektivlərini kifayət qədər açıqlaya bildim.Bu barədə müəyyən təklif və iradlarımı da bildirdim.Əgər məsləhətlərimlə qane olmasaz məşhur jurnalist Emin Çapa-nın CNNTURK-dəki çıxışına baxa bilərsiniz.Həqiqətən dəyərli məsləhətlər verir gənclərə.TedX nitqlərini də ara-sıra izləyin.Öyrənməkdən qaçmayın,sağlam qalın.

İstifadə olunan ədəbiyyatlar:

  1. Lev Tolstoy-Şeytan.
  2. Stiven Kovi-Yüksək effektli insanların 7 vərdişi.
  3. Riçard Brenson-Hər şey cəhənnəmə! Hərəkətə keç və et.
  4. Robert T. Kiyoski-Zəngin ata,yoxsul ata.
  5. Ceyson Qarsinanın “50 motivasiya məsləhəti”

Plagiat göstəricisi:

Şəxsi inkişafım üçün möhlətim.” üçün bir şərh

Bir şərh yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.