Yalnız qala bilmək bacarığı və fərdi inkişaf


YAZAR: İmran Nəzirli

Yalnız qala bilmək, tək başına olarkən sıxılmamaq, insanının özünün özünə kifayət etməsi bir çox məşhur mütəfəkkirin fikrincə həqiqi və əbədi  xoşbəxtliyin yeganə açarıdır. Professor İlber Ortaylı   “Bir ömür nasıl yaşanır” adlı əsərində yalnız qala bilməyi öyrənə bilsəniz düşünməyi də öyrənə bilərsiniz-deyə qeyd edir. Fransız riyaziyyatçı Blaise Pascal isə  yazır : …insanların ən böyük bədbəxtliyi səssiz bir otaqda yalnız qala bilməmələridir. A. Schopenhauer  “Həyat müdrikliyi haqqında aforizmlər” adlı əsərində yalnız qala bilmək bacarığının ən böyük azadlıq olduğunu vurğulayır.

  Lakin, tək başına qalmaqla (solitude) , şəxsin  cəmiyyətdən zorla tədcrid edilməsi (isolation) arasında ciddi fərqlər var. Birincisi fərdin xeyrinə olduğu halda, ikincisi həm psixoloji, həm də fiziki sağlamlığı üçün olduqca təhlükəlidir. “Evdə qal” kompaniyası çərçivəsində sosial izolyasiya tədbirləri və bunun nəticəsində insanların “yalnız qalması” isə, fikrimcə tamamilə fərqli mövzudur və müxtəlif  fərqli aspektlərdən baxılması lazım gələn bir böhran halıdır. Əvvəlcə, onu qeyd edim ki, bu tədbirlər insanların xoşuna gəlsə də gəlməsə də , hətta, onlara hər hansı bir fayda versə, yaxud, verməsə də obyektiv bir zərurətdir. Burada məqsəd gələcəkdəki daha katastrofik halların önünə keçə bilməkdir. Və bu yol yeganə effektiv yoldur.Necəki həyat təhlükəsizliyi naminə əcdadlarımız uzun əsrlər boyu onları heç də qane etməyən oturaq həyat tərzinə keçmiş, bütün həyəcan dolu həyatlarını səhərdən axşama qədər əkin-biçinlə məşğul olmağa dəyişmişdilər. 

    Lakin bütün məhdudiyyətlərinə baxmayaraq “kriz fürsətdir” aksioması karantin dövründə də keçərlidir. Fərdi inkişaf üçün əsas şərt fərdin özünə zaman ayıra bilməsidir. Modern kapitalist həyat o qədər sürətlidir ki, başımıza gələn hadisələr, elədiyimiz hərəkətlər  və ya qısası “bu işlərin axırının hara getdiyi” barədə oturub düşünməyə , ümumiyyətlə , vaxtımız yoxdur. İndiki günlərdə, sadəcə bir-neçə saat yatmağa və hər gün elədiyimiz hərəkətləri təkrarlamaq üçün enerji toplamağa 5-6 saat vaxtımızın olduğunun fərqinə varırıq. Cəmiyyətin və onun nüvəsi olan insanın mexanikləşdiyi, bir növ robota çevrildiyi, özü və ətafında baş verənlər barədə düşünməyə zamanı qalmadığı , daim tələsmək məcburiyyətində qaldığı bir sistemin içində olduğu barədə məlumatlıyıq artıq. Bu daim tələsmək məcburiyyətində olduğumuz sistemin planetə, ətraf-mühitə, ekologiyaya nə dərəcədə ziyan vurduğu barədə daha aydın təsəvvürlərimiz yaranır.  Sadəcə bir-iki ay keçməsinə baxmayaraq böyük şəhərlərdə havanın hətta qoxusunun belə dəyişməsi, təbiətin təmizlənməsi və canlanması , qlobal istiləşmənin səviyyəsinin, istinin, tüstünün , hisin-pasın azalması müşahidə olunur. Karantindən yararlanmaq barədə düşünməzdən, əvvəl ,ümumiyyətlə, karantinin neqativ bir hal olub-olmadığı barədə düşünmək lazımdır.

   İlk öncə, bir çox şeyin ,əslində,  gərəksiz olduğunun fərqinə varıldı, fikrimcə. Deməli,  bir çox işi evdən də görə bilirmişik, bir çox insanla görüşmək əslində o qədər vacib deyilmiş, bir çox “aktual” məsələlər , siyasi krizlər, ölkələrin mənasız müharibə cəhdləri, gündəlik problemlər boş imiş. Həyatımızı bir xeyli “boş”larla doldurmuşuq.

   Ali təhsil müəssisələri, məktəblər , ümumiyyətlə , tədris ocaqları hamısı bağlıdır. İdman zalları, xarici dil kursları da həmçinin. Amma, bunun böyük bir problem olacağını düşünmürəm. Normalda əksəriyyətimizin vaxtı yollarda gedir: evdən məktəbə yaxud işə , məktəbdən yaxud işdən kursa, oradan idmana və s. daim qaça-qaç. Bu isə enerjimizi və həvəsimizi əlimizdən alan əsas faktordur, bir çox işimiz buna görə yarım qalır və bir çox hədəfimizə də buna görə çata bilmirik. İnsan yorulur, yorğun insan öyrənə , inkişaf edə bilməz. Karantin günlərində çox sayda xarici dildə məqalə və araşdırma saytları kəşf eləmişəm, normalda bu tip saytları axtarmağa belə vaxt tapmaz ikən, artıq günün əsas hissəsini internetdə mütaliə ilə keçirə bilirəm. Dərslər təhsil aldığım ali məktəbdə normalda 90 dəqiqədir. Həmişə bu müddətin bir dərs üçün lüzumsuz dərəcədə çox olduğunu, insanın bu qədər uzun müddət hər hansı bir mövzuya fokuslanıb diqqətini verə bilməyəcəyini və 40-45 dəqiqənin dərs üçün  kifayət olacağını düşünürdüm. Online təhsil metoduna keçdikdən sonra artıq dərslər 45 dəqiqədir,  dərs tamamilə dolğun keçir və əgər bağlantı problemləri yaşamasaq əlavə vaxt itirmirik.

    Karantin müddəti xarici dil bacarıqlarını inkişaf etdirmək üçün ən böyük fürsətdir. Dil kursları online dərsləri davam etdirir, uzun yola sərf eləyəcəyimiz vaxtı da öyrənməyə sərf edə bilirik. Vəsaitlərin çoxu elektron şəkildə mövcuddur.  Artıq podcast dinləmək üçün də kifayət qədər vaxt tapa bilirəm. Xarici dildə filmlər isə mənim sevimli metodumdur. Bundan əlavə Coursera, Edx, ed.Ted, kimi sosial platformalar sayəsində nüfuzlu xarici universitetlərin kurslarını götürmək, kursu bitirdikdən sonra sertifikat əldə etmək, xaricdə təhsili qiyabi şəkildə də olsa təcrübə etmək mümkündü.Həmçinin, bu kurslar vasitəsilə akademik ingilis dili bacarıqlarına da yiyələnmək olar. Codeacademy.org və s. bu tipli saytların köməyi ilə elementar səviyyədən proqramlaşdırmanı öyrənməyə başlamaq, müasir dövrdə zəruri olan rəqəmsal bacarıqları üst səviyyəyə daşımaq mümkündü. Kitabxanaların və kitab mağazalarının çoxunun bağlı olmasına baxmayaraq, elektron resurslardan istifadə edə bilərik. E-kitabları bəyənməyən və göz sağlamlığı üçün ziyanlı olduğunu düşünənlərə isə audio-kitabları məsləhət görürəm. Bu üsulla qısa müddət ərzində, az əziyyətlə, xeyli kitab bitirmək olar. Mütaliə inkişafın əsasıdır,” bəs nə oxuyum, hardan başlayım ?” deyə qara-qara düşünənlərə isə ilk öncə klassiklərdən başlamalarını, sonra isə elmi-kütləvi ədəbiyyata və fəlsəfəyə keçmələrini tövsiyə edirəm. Xüsusən də öz ixtisasları üzrə mütaliəni artırmalarını, öz dilimizdə olan qıt ədəbiyyatla kifayətlənməmələrini məsləhət görürəm. Bloglardan istifadə vacibdir, akademik məlumatların çoxu blog saytlardadır, yazmağı sevənlərə isə wordpress tipli sosial platformalarda  blog açmaları faydalı ola bilər. Academia.edu və bu tipli saytlardan isə  kifayət qədər sanballı məlumat  və data toplamaq olar.

   Rəqəmsal bacarıqlar müasir dövrdə ixtisasından asılı olmayaraq hər kəs üçün önəmlidir. Mətn, prezentasiya, cədvəllər və s. üzərində işləyə bilmək peşəkar olmaq üçün açar rolu oynayır. Gündəlik həyatda çoxumuz bu bacarıqları öyrənməyə vaxt tapa bilməsək də hazırki vəziyyətdə xeyli vaxtımızın olduğunu düşünürəm. Həmçinin  professional CV (curriculum vitae-həyat yolu) tərtib etmək, Linkedİn hesabı açmaq , formal (rəsmi, misal: iş üçün müraciət məktubu ) mail yazmaq qaydasını öyrənmək  üçün də vaxt tapa bilərik.

   Fiziki sağlamlıq da çox önəmlidir. Artıq sosial şəbəkələrdə olan bir çox tanınmış idmançı evdə məşq  trendinə qoşulub.  Xüsusi avadanlıq olmadan, ev şəraitində edilə biləcək hərəkətləri, sağlam və fit qalmaq üçün lazım olan qida rasionlarını paylaşırlar. Hansı preparatlardan istifadə etmək lazımdı, əzələ bərpası üçün neçə saat yuxu gərəklidir, hərəkətlərin düzgün icra edilməsi və s. barədə məlumatları tapmaq olar. Daha az hərəkətli həyat şəraitinə keçdiyimizdən idmanla məşğul olmaq əvvəlkindən daha çox vacibdir.

   Karantinin digər fürsəti fiziki və zehni bərpa üçün zamanımızın yaranmasıdır. Gündəlik işlərin arasında istirahətə çox az vaxtımız qalır. Yuxu rejimimiz pozulur, hər işə tələsdiyimizdən sağlam qidalana bilmir, fast food la “yola veririk”. İnsanın əsəb sistemi, emosianal-psixi vəziyyəti pozulur, daha əsəbi, hövsələsiz və depressiv olur. Karantin dövründə ediləcək ən ağıllı iş mənə görə doyunca istirahətdir. Fərdi inkişafa gündə 4-5 saat ayırıb qalan müddəti belə demək mümkünsə “heç nə etməmək” lə keçirmək ən doğrusudur. Çünki əksər iş yerləri post-karantin dövründə yəqinki  “ikiqat” iş rejiminə keçəcək.

  Son olaraq, karantinin müvəqqəti hal olduğunu idrak etmək , buna görə depressiyaya düşməmək və məyus olmamaq lazımdır. Bu keçici dövrdə həm kifayət qədər istirahət etmək, həm inkişaf etmək olar. Ünsiyyət insan üçün vacibdir. Aristotel “insan sosial bir heyvandır” deyirdi. Virtual da olsa dostlarla, yaxınlarla ünsiyyəti davam etdirmək , demək-gülmək, şənlənmək lazımdı. Motivasiyanı, həyat enerjisini hər çətinliyə rəğmən qorumaq, depressiv olan istənilən ünsürdən qaçmaq , karantin dövründə belə həyatın hər anını doya-doya yaşamaq gərəkdir.

Qısaca olaraq təkliflərim:

 1. bacardıqca çox mütaliə etmək ( klassik, elekktron yaxud audio kitablardan istifadə etməklə)

2. Online kurslara qatılmaq ( Coursera , Edx,  Udemy. ed.TedX,  və s.)

3. Akademik yazı bacarıqlarının inkişaf etdirilmədi

4.Professional  CV tərtibini , formal e mail yazma qaydasını öyrənmək

5. Rəqəmsal bacarıqları ( digital skills) maksimum inkişaf etdirmək ( microsoft office , adobe proqramları, python və s. sadə kodlama dillərini öyrənmək)

6. Evdə məşq, düzgün qidalanma, yuxu rejiminə  riayət

7. Xarici dil bacarıqlarını inkişaf etdirmək

8. İstirahət

Ədəbiyyat siyahısı:

1. A. Şopenhauer : “Həyat Müdrikliyi haqda Aforzimlər”

2. İ. Ortaylı : “Bir ömür nasıl yaşanır”

3. Y.N.Harari : “Sapiens”

4. https://dusunbil.com/yalnizlik-ve-kendi-basinalik-arasindaki-fark/

5.bigthink.com/scotty-hendricks/the-difference-between-solitude-and-loneliness?utm_content=buffereae68&utm_medium=social&utm_source=facebook.com&utm_campaign=buffer

Plagiat göstəricisi:

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.