Cənnəti özümüzə necə yarada bilərik?…


Mən Əsədli Səidə, Mingəçevir Dövlət Universitetinin 4-cü kurs Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alıram. Ağdaş rayonu Qobu-üstü kəndində yaşayıram.
Bildiyimiz kimi, bu dönəm bizim dünyamızı, insanlarımızı bir-birinə qarşılıqlı şəkildə bir olmağı, əslində necə kiçik bir dünyada, həyatda yaşadığımızı və bundan lazımi qədər istifadə edə bilmədiyimizi bizə sübut etmiş oldu. Həqiqətən də, bunu biz-insanlar yetəri qədər qavramır, zamanımızın isə bir göz qırpımında axıb getməsindən tamamilə xəbərsiz halda yaşayırdıq. Təbii ki, biz yaşamaq üçün bizə lazım olan işlərimizi görməli, həyatda nələrisə qazanmalıyıq. Bu, bizim təbii vəzifəmizdir. Ancaq biz həyata insan kimi gəldiyimizi, bu həyatda yalnız bir dəfə yaşayacağımızı, ən əsası isə həyatımızı gözəlləşdirən sevdiyimiz insanlarla, ailəmizlə həmişə daha çox ünsiyyətdə ola bilməməyimizi unutmamalıyıq. İnsanlar sabaha aid işlərini planlaşdırarkən Allahı unutmamalı, onun adı ilə hər şeyə başlayıb, onun adı ilə bitirməlidirlər.
Koronavirusun gəlişi də çox insanın gələcək planlarını dəyişdirmiş oldu. Lakin hər şeyin mənfi cəhətləri ilə yanaşı, müsbət cəhətləri də olmamış deyildir. Bəli, bu virus bəşəriyyəti həmrəy elədi, ailə bağlılığını artırdı, insanlara həyatın əslində təkcə iş, dərs, yemək və yatmaqdan ibarət olmadığını öyrətdi. Koronavirus mənə də əla keyfiyyətlər bəxş etdi. Əvvəla, 4 il idi ki, təhsilimlə əlaqədar olaraq, doğma kəndimdən uzaq düşmüşdüm. Təkcə bayramlarda, tətillərdə evə gələ bilirdim. Ailə üzvlərimin, onların doğmalığından, mənə göstərdikləri sevgidən  uzaqda bəzən daha çətin gəlirdi. Hələ yaşadığım Qobu-üstü kəndindən uzaqda olduğumdan fəsillərin, ən çox da yazın gəlişini görə bilmirdim. Hər dəfə evimizə gəldikdə elə bilirdim ki, həyətimizdə bir dəyişiklik baş verir. Ailədə valideynlərimdən başqa iki qardaşım da var ki, onların biri Qazaxda, digər qardaşım isə Bakıda təhsil alırlar. Valideynlərim bizim üçümüzdən ayrı tək qalırdılar. Düzdür, hər gün neçə dəfə danışırdıqsa belə, yenə birlikdə olmağın yerini heç nə vermir.
İndi isə karantin səbəbindən hamımız evimizdəyik. Valideyn qayğısı, qardaş sevgisi, təbiətin gözəlliyi, birlikdə olmağın verdiyi xoşbəxtlik, təmiz hava, təmiz su, təmiz qidalar, təmiz ailə sevgisi və s. Bunların hər biri necə də gözəldir. Dərs müddətində günəşin haradan, necə çıxıb-batmağını bilmirdim. Sevdiyim kitabları uzun müddətə bitirirdim. Hobbilərimlə az məşğul olurdum. İndi isə ingilis və ispan dillərimi genişləndirir, televizor izləyir, layihə üzərində işləyir, dostlarımla onlayn əlaqə qurur, balaca ev heyvanlarımızla əylənirəm. Onlar çox şirindirlər. Artıq bir ay müddətində 3 bədii əsər bitirmişəm, 4-cüsünü bitirməyimə isə az qalıb.  Çingiz Abdullayevin heç bir əsərini oxumamışdım. Dostumdan aldığım “Manyakın idrakı” və “Ölümü özün seç” əsərləri məndə yazıçıya qarşı xüsusi hisslər yaratdı. Mən daha çox tarixi əsərləri sevdiyimdən SSR-nin agentləri, hətta öz dostlarının əliylə öldürdüklərini, ən maraqlısı isə guya ən yaxınlarına bir az canıyananlıq edərək, onlara öz seçimləri olan ölümü təklif etməkləri fərqli və dəhşətli bir nüans idi. Mafia üzvlərinin işlədiyi sahələr, Manuçarla Dronqonun söhbətində dedektivin bilmədiyi həyatın gerçək üzləri maraqlı idi. Eləcə də, ” Manyakın idrakı” əsərində psixoloji proseslər, Siqmund Freydə aid nəzəriyyədən motivlərin gətirilməsi məndə yazıçının hərtərəfli olduğunu sübuta yetirdi. 
Dünya ədəbiyyatı da həmişə ən sevdiyim, mütaliə etdiyim əlçəkə bilmədiyim kitablardan olduğundan atamın kitabxanadan mənə aldığı fransız yazıçısı Fransuaza Saqanın ” Seçilmiş əsərləri “ni də bitirdim. 3 roman “Boyunduruq”, “Dolanbac yollarla”, “Müəmmalı təbəssüm” və 2 povest ” Sehrli buludlar” və “Məğlubiyyət zəngi” əsərləri yazıçının azad ruhunun, düşüncəsinin, həyatda əslində heç nəyə fikir vermədən də, asudəliyinlə, rahatlığınla yaşaya biləcəyini mənə təlqin etmiş oldu. Eynilə bu karantin günləri kimi. Məğlubiyyət zəngi –  məğlubiyyəti elan edən baraban səsi -şamada, əslində bu günlərdə höküm sürən koronavirusun əvvəlini Lüsil və Antuan arasında yaşanan hadisələrin əvvəli ilə, sonunun isə elə onlarda heç bir təəssürat yaratmayan bitmiş hislərlə sonlanacağını, sanki qalxan və enən bir xətlə bizə çatdırır. Elə ön sözün müəllifi Nərgiz Cabbarlı da yazıçını ” Bu dünyadakı cənnətin sakini” adlandıraraq həyatın mənasının anı yaşamaq olduğunu, cənnəti dünyamızda biz insanların yaratdığını sadə cümlələrlə, axıcı şəkildə bizə öyrədir. Biz dünyamızı cənnətə gözəl düşüncələrimizlə, sevdiklərimizə daha yaxın, qayğı göstərməklə qazana bilərik. Bunu isə nəinki bu günlərimizdə, hətta gələcəkdə də heç əksik etməyək. 4-cü kitab isə Marsel Prustun “Svana doğru” romanıdır. Yazıçı o qədər universaldır ki, rəssamlıq, musiqi, ədəbiyyat, fransız həyatı və bütün bunlarla yanaşı insan duyğularını ustalıqla təsvir imkanı dahiyanə əksi oxucunu necə cəlb etməsin?! 
Kitablarla yanaşı qardaşlarımla birlikdə təhsilimizlə yanaşı valideynlərimizə köməyimiz onlarda bizə qarşı xüsusi qürur, rəğbət hissi yaradır. Mən bu gün tərəvəzdə onlara kömək etməklə, özümə də yeni bacarıq qazana bildim. İsti günün altında, təbiətin qoynunda işləmək çox gözəldir.
Beləcə, saymaqla bitməz karantinin bəxş etdikləri. Hər şey o qədər gözəldir ki, insan istəyir həmişə belə olsun. Təbii ki, virusun vurduğu ziyan digər ölkələrdə daha acınacaqlı olduğundan vaxtında vaksini tapılsa daha gözəl olar. Cənab Prezidentimizin gördüyü işlər, yaratdığı şərait nəticəsində, şükür Allaha, bu bəla ölkəmizdə yüngül ötüşür. İnşallah virus tez bitər. İnsanlar isə evlərində qalıb, anı yaşayaraq, yer üzündəki cənnətlərini yaratsalar daha gözəl olar. Biz birlikdə güclüyük! Bunun da öhdəsindən birlikdə gələcəyik. Vaxtımızı daha gözəl, sərmayəli keçirmək diləyilə. Evdə qalaq, sağlam olaq, vaxtımızı dəyərləndirək! Davranışım da bu karantin günlərində dəyişmiş oldu. Mingəçevir regional ASAN xidmət mərkəzində master 2 pilləsində könüllü kimi fəaliyyət göstərdiyimdən yoğun iş rejimi məndə gərginlik, stress kimi mənfi cəhətlər yaratmış idi. Xüsusilə semestr imtahanlarından sonra magistratura imtahanına hazırlaşmaq, məntiq testləri məni tamamilə əsəbi etmişdi. İndi isə evdə normal qidalanır, yuxu rejimimə riayət edə bilirəm. Bu,  mənim ətrafıma baxış bucağıma, həmçinin rəftarıma əhəmiyyətli formada təsir göstərib. Artıq cüzi şeylərdən narahatlıq keçirmir, sərt reaksiya vermirəm.
Doğrudur, ətrafıma ziyan göstərməsəm də, özümə ciddi problem törədirdim. Bu isə, təbii ki, yanlış xüsusiyyət idi və mən bunu başa düşürdüm. Artıq mən səhərlər daha gümrah oyanıram, günün nə zaman bitəcəyini hesablamır, ətrafıma qarşı daha diqqətli davranıram. Xüsusilə heyvanlara. Kənddə yaşadığımızdan bizim ev heyvanlarımız, bağımız var. Kənddə quzuların-buzovların mələşməsi, səhər tezdən günəşdən əvvəl oyanan quşların civiltisi, arıların hələ çiçəyi tökülməmiş ağaclardan bal toplaması və s.in hər biri, sanki yoqadan daha çox insana daxili sakitlik, təbiəti duyma, özünü və həyatda kim olduğunu dərk etmə kimi xüsusiyyətlər bəxş edir insana. Bütün bunların canlı şahidi olmaq, məncə, tanrının lütfüdür. Görün biz necə füsunkar təbiətdə yaşayırmışıq. Təbiət də özünün digər canlıları ilə- heyvanları, quşları, bitkiləri ilə gözəldir. Mən qardaşlarımla birlikdə heyvanlarımıza qulluq edirik. Valideynlərimizlə biz həyətimizə güllər də əkmişik. Hətta eyvanımızda qaranquş, çardağımızda isə bir cüt qumru yuva qurublar. Onların bir yerdə çəkdikləri zəhmət və bizə qarşılıqsız bəxş etdikləri səadət hissi əvəzolunmazdır.
Bəlkə də, yazdıqlarım sizlərə şablon, kitab cümlələri, inşa kimi gələ bilər. Ancaq istəyərdim ki, səmimiliyimə tam inanasınız. Yazı qaydasına da müəyyən qədər səhvlər və ardıcıllığın pozulması da var. Ümid edirəm, məni başa düşmüşsünüzdür. Hətta kənd həyatının gözəlliklərini görməyi sizlərə arzu edirəm. Bir wifi yoxdur bizim kənddimizdə. Ama bu, telefonsuz da əslində yaşaya biləcəyimizin bir işarəsidir. Və mən bu sakitliyi, hüzuru, kiçik şeylərlə belə xoşbəxt ola bilmə hissini hər bir kəsə ürəkdən arzu edirəm.
Karantin rejimi bitəndən sonra onsuz insanlar yeni bir həyata başlamış olacaqlar. Çünki təbiət insansız xoşbəxt olmağı bilirdi. Lakin insanlar təbiətdən uzaq qalmağı heç bilmirdilər. İndi bu sınaq onların yeni həyatlarına səbəb olacaq. Ya bəziləri eyni cığırla davam edəcək, ya kimlərsə evdə qaldığı müddətdə inkişaf etdirdikləri cəhətləri ilə yeni işlərə başlayacaq, ya da kim bilir nələr… Ümid edirəm, hər kəs bu sınaqdan üzüağ, alnıaçıq çıxar İnşallah. Uca Yaradanı da heç kim unutmaz və daima irəli baxaraq yeni nailiyyətlər əldə edər.
Mən də bu yeni həyata diplom imtahanı verərək, magistr seçimi edərək və İnşallah işləyərək davam etmək istəyirəm. Bu yolda hamımıza uğurlar.

Plagiat göstəricisi:

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.