Evdə qal, həyatına daha möhkəm sarıl


Yazar: Xədicə Mehdizadə

“Evdə qal”… “Sağlam qal”… “Yenidən başla”… Mənim üçün uğura inanmadıqca yazmağa, öyrənməyə, kəşf etməyə başlamaq çox çətindir. Sizə faydalı ola biləcəyini düşündüyüm məqaləmi yazmağa başlayıram. COVİD-19 pandemiyası səbəbilə bütün tələbələr kimi 1 aya yaxındır ki, evdəyəm. Optimistlərə görə pandemiyanın müsbət tərəfləri daha çoxdur və onun sayəsində ədalətli yeni bir dünya “doğulacaq”,  lakin mən fallara inanmıram. Sizə də tövsiyə edirəm ki, etibarsız mənbələrdən daxil olan məlumatlara əhəmiyyət verməyək. Məni tanıyanlar çox yaxşı bilir ki, son bir neçə ildir ki, universitet həyatı və digər sosial aktivlik tələb edən işlərimdən ayrı qalmaq mənim üçün çox çətin idi. Keçmiş zamanda danışdığım üçün şübhəsiz ki, öz maraq dairəmə uyğun fəaliyyətlərlə  gündəlik məşğul olduğumu düşünəcəksiniz. Haqsız da sayılmazsınız.

         Karantin dövrünün ilk ərəfəsində “düşüncələrimi içimdə tutacaq və yaxınlarımla bölüşə bilməyəcəyimi” zənn etdiyimdən psixologiyamın çökəcəyinə dair şübhəm yox idi. Durmadan özünüinkişaf saytlarını araşdırır, beynimin “paslanmaması” üçün yollar axtarırdım. Oxuduğum təhsil ocağında, iş yerimdə, kitab kafelərində, dostlarımla diskussiyalarda əldə edəcəyim 1 aylıq informasiyanı evimdə əldə etməyi qərarlaşdırdım. Ümidsizliyə alışmağın ümidsizlikdən daha betər olduğunu qəbul etmək lazımdır.

         Davranışlarımı düzəltmək, tənbəllik macəralarıma son vermək üçün gündəlik planlar hazırlamağa başladım. İş həyatımda köməyimə çatacaq kompitensiyalara yiyələnməklə yanaşı, həmişə etmək istədiyim, lakin cəsarət edə bilmədiyim “səhv” olduqlarına inandığım istəklərimi də plana daxil etməyə başladım. Martin İdenin sözləri isə həmişə planımın birinci sətridir: “Sən işini tamamladıqdan sonra əldə etdiyin nəticə ilə deyil, işi görərkən  xoşbəxt olacaqsan”.

         Lakin evdə qalmağın öz “qayda-qanun”ları olduğunu anladım və öz davranışlarımı karantin şərtlərinə uyğunlaşdırmağa başladım. Qaydalarımı sizinlə də paylaşmaq istərdim:

         1) Öyrəşmək: Sənin evdə ürəyinin sıxılmağı “zamanını çeynəmək”dən başqa bir şey deyil. Albert Camusun dediyi kimi, “Başınızda dərdinizin olması ürəyinizin sıxılmağına bəhanə deyil. Mən də dərtliyəm, amma özümü əyləndirməyi bacarıram”. Evimi öz ofisim kimi dizayn edib hər gün işdə olduğumu təsəvvür edirəm. Təbiidir ki, xarici görünüşüm də ofisimin möhtəşəm abu-havasına uyğun olmalıdır.

         2) Hava və su qəbul etməyi unutmamaq. Bəzən işlərimin çoxluğu su içməyi mənə unutdurur. Daha sonra zehni və fiziki fəaliyyətimin zəiflədiyini hiss edirəm. Otağın havasını dəyişdirmək, hava qəbul edərkən idman hərəkətləri etmək iş gücümü artırır.

         3) Displinli olmaq. Unutmayaq ki, displin sadəcə xarici görünüşdə deyil, ruh və inancımızda da olmalıdır. Elə bilirsiniz ki, plan tutmaq, təkcə “camaatın uşaq”larının işidir? Əsla… Məsələn, mənim motivasiyam yüksək olmadıqda gündəlik 1 məqsədim olur və o işin üstündən xətt çəkdiyimdə özümü “İronman” kimi hiss edirəm.

         4) İş masasının təmiz olması. Çox insanları karantin müddətində dadlı təamların bolluğu depressiyadan uzaqlaşdırır. Yalnız su, çay və ya kofenin iş masasında olmasının yetərli olduğunu düşünürəm. Fikrimcə, sadəcə yemək masasında qidalanmaq ifrat dərəcədə yeməyimizin qarşısını alır. Həm yemək stolu maraqlı ailə səhnələrinin yaşandığı yerdir, hətta kinolarda da həyəcanlı səhnələr burada çəkilir.

         5) Əylənmək. Müasir həyatda qlobal şəbəkələr vasitəsilə müxtəlif əyləncəli və maraqlı saytlara asanlıqla daxil ola bilirik. Bu çox əladır, lakin unutmaq olmaz ki, əksər insanların gözündə film, musiqi, kitab, televiziya sadəcə əyləncə üçündür. Hər sahədə olduğu kimi, əyləncənin də öz saatı olmalı, məni əsas məsuliyyətlərimdən yayındırmamalıdır. Bu məsələni tənzimləmək mənim üçün də olduqca çətindir. Lakin vaxt limiti qoyaraq tədricən əyləncə saatlarımı nizamlamağa çalışıram.

         Şəxsi inkişaf həm daha səmərəli işlərlə məşğul olmağı, həm də daxilən xoşbəxt olmağı hədəfləyir. Açığını desəm, bir fərd kimi evdə qalaraq özümü inkişaf etdirməyin önəmli olduğunu vaxt çoxluğu ilə əlaqədar karantin dönəmində daha yaxşı anladım. İnsanın ağlına uzun müddət öncə aldığı və oxumağa “vaxt” tapmadığı kitabları gəlir. “Kitab qurdu” ləqəbimi uzun zamandır ki, doğrultmadığımın fərqinə vardım. “Kitab ən yaxşı dostdur” ifadəsi əslində “yazıçının sənlə dost olması” deməkdir. Etiraf etməliyəm ki, sevdiyim yazıçıların kitablarını oxumaq gərgin şəraitdə məni sakitləşdirir. Onu da qeyd etmək istərdim ki, bəzi səsli kitablar tam bir teatr əhval-ruhiyyəsini bəxş edir və insan mənəvi dincəldiyini hiss edir.

         Şəxsi inkişafımın istiqamətlərindən biri də nitq mədəniyyəti ilə bağlıdır.  Səlis nitqin, bəlağətli danışığın, nitq mədəniyyətinin tarixi çox qədimdir və əfsuslar olsun ki, yalnız kitab oxumaq gözəl danışığa sahib olmaq üçün kifayət deyil. Həm ana dilimizdə, həm də xarici dillərdə natiqlərin video çıxışlarına baxaraq öz nitqimdəki qüsurları aydınlaşdırmağa çalışıram. Sözün gücünün çata bilməyəcəyi zirvə yoxdur, dahi şairimiz Nizami Gəncəvinin də dediyi kimi, “İncitək sözlər seç, az danış, az din, qoy az sözlərinlə dünya bəzənsin”. Nitq mədəniyyəti ilə bağlı videoları izləyərkən və ya tətbiq edərkən dediklərini yadda saxlamaq üçün durmadan deyilən nüansları təkrarlayıram. Ümid edirəm irəli səviyyəyə çatana qədər sözlərim az, lakin kəsərli olar.

         Digər hobbim isə yemək bişirməyi daha yaxşı öyrənməkdir. Aktiv universitet həyatında yemək bişirməyi həmişə geri plana atmışam. Zənn edirəm ki, əksər tələbələr belədir. Lakin bildiyimiz kimi, internet saytları yemək reseptləri ilə zəngindir. Mən də gördüklərimi mətbəxdə tətbiq edərək həm vaxtımı maraqlı keçirirəm, həm də bilmədiyim yeməkləri bişirməyi öyrənirəm. Bu olduqca əyləncəlidir.

         Film izləmək karantində olan əksər insanların yeni hobbisinə çevrilib. Əslində kinematoqrafiya çox güclü təsir vasitəsidir və informasiyanı sürətli formada insanlara çatdırır. Adətən tarixi, siyasi mövzuda xarici filmləri və Azərbaycan filmlərini izləməyi sevirəm. Əgər bu tipli filmləri izləyirsinizsə, mənim kimi keçmişə səyahəti sevdiyinizi demək olar. Məncə həyatdan dərslər çıxarmaq üçün gələcəkdən əvvəl keçmişə dönüb baxmaq lazımdır.

         Evdə təhsil almaq hər nə qədər bizim adət-ənənələrimizə “yad” olsa da, müasir həyatda heç birimiz üçün imkansız deyil. Düşünmək lazımdır ki, karantin dövründən öncə də minlərlə həmyaşıdlarımız fiziki məhdudiyyətlərinə görə evdə təhsil almaq məcburiyyətində qalmışdır. Əngəllərə və maneələrə meydan oxumaq səssizliyinə çəkilməkdən daha qürurvericidir.

         Hazırda 4-cü kurs tələbəsi olduğumdan diplom işimi yazmağa başlamışam. Demoqrafiya prosesləri ilə bağlı yenilikləri araşdırmaq və onlayn şəkildə internet resurslarından məlumatları toplayıb vahid bir yazıda nümayiş etdirmək olduqca maraqlıdır. Digər tərəfdən ixtisasımın ədəbiyyatla bağlı olmamasına rəğmən məqsədlərimə doğru atdığım addımlarımı yazmağı sevirəm. İnsan ömür boyu bir çox mövzuda fikir sahibi olur. Fikirlər insanları bir-biri ilə ünsiyyətə sövq edir. Onları yazı şəklində saxlamaq həm nailiyyətlərinin sübutu, həm də sözlərinin tarixin tozlu səhifələrində unudulmaması deməkdir.

          Nəzərinizə çatdırım ki, tələbənin həyatı sadəcə universitetdən ibarət olmamalıdır. İnkişaf bir kitaba sığdırılmış şüarları əzbərləməklə olmaz, daim özümüzü təkmilləşdirməyin yollarını axtarmalıyıq. İş sahəsinin baza proqramlarından MS Excel dərslərini onlayn formada hər gün izləməyə başladım. Çətinlik çəkdiyim məqamlarda sosial şəbəkələrdə yaradılan qruplardan yardım aldım və karantinin bitəcəyi gün sertifikat üçün müraciət edəcəyimi qərarlaşdırdım. Paralel olaraq mühasibatlıqla bağlı videolar izləməyə başladım və mənim sevdiyim sahələrdən birinə çevrildiyinin fərqinə vardım. Hər insanın zövqü və maraq dairəsi fərqlidir. Əmin olun ki, internet saytlarında hər kəsin səmərəli fəaliyyətini təmin edəcək qədər material var: xarici dil saytları; dizayn proqramları; və s.  “1 ay istirahət etmək mənim sonuna qədər haqqımdır” formatında düşüncəyə sahib ola bilərsiniz, lakin fikrimcə işlərinizi gecikdirmək sadəcə qaçınılmazı ertələməkdən başqa bir şey deyil.

         Son olaraq, təklif edirəm ki, öncəliklə şəxsi inkişafınız və təhsilinizlə bağlı videolara baxdığınız və ya tətbiq etdiyiniz zaman yalnız qalın. Məncə hər insanın aşağı və ya yüksək səviyyədə kompleksləri vardır. Müəyyən səviyyəyə çatdığınızı hiss edənə qədər mənim kimi öz-özünüzə danışın. Çünki yalnızlıq öz seçiminiz olduğu zaman çox qiymətlidir.

         Hər gün özünüzə qulluq edin və göstərdiyiniz fəaliyyətə birinci özünüz qiymət verin. İnsanın özünə dəyər verməsi həm psixoloji, həm də fizioloji sağlamlığının başlıca şərtidir.

         Yekunda ən vacib məqamı qeyd etmək yerinə düşərdi. Fəaliyyətlərimizə davam edərkən tərki-dünya olmayaq. Sosial münasibətlərimizin tamamilə qırılmasına, dostlarımızla, ailə üzvlərimizlə ünsiyyətimizin zəifləməsinə izn verməməliyik. Karantin bitənə qədər qəlbimizi də sevgi dolu saxlayaq, çünki sevgi paylaşdıqca çoxalır.

         İstifadə olunan ədəbiyyat siyahısı

1)  https://aztehsil.com/sual/436-sualevd-thsil-nec-tkil-olunur.html

2) Jo-Ellan Dimtirius. İnsanları Okumak ( Koridor yayıncılık 2010) 3) http://motivasiya.com/ugur-psixologiyasi/etmeli-olduqlarinizin-siyahisini-tertib-etmekleheyatiniza-anlam-qatacaqsiniz-1152/

Plagiat göstəricisi:

Evdə qal, həyatına daha möhkəm sarıl” üçün bir şərh

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.